Jaguar öz bazarında avtomobil satışını dayandırıb | Səbəb nədir?

Jaguar 2026-cı ilə qədər Böyük Britaniya bazarında avtomobil satışını dayandıracaq. E-Pace, XE, XFF-Type kimi daxili yanma mühərrikli modellər artıq istehsaldan çıxarılıb. İndi isə xarici bazarlar üçün hələ də istehsal olunan F-Pace krossoveri də Böyük Britaniyada satış üçün əlçatmaz hala gəlib.

Jaguar-ın Böyük Britaniyada satışları dayandırmasının səbəbi, markanın 2021-ci ilin fevralında təqdim etdiyi Reimagine (“Yenidən Təsəvvür”) adlı yeni strategiyasıdır. Bu strategiyaya əsasən, Jaguar-ın bütün modelləri 2025-ci ilə qədər elektrikləşdiriləcək və 2030-cu ilə qədər Land Rover də eyni yolla gedəcək. Nəticədə, 2030-cu ilədək Jaguar Land Rover alyansının bütün modelləri elektrikli versiyaya sahib olacaq, 2039-cu ilə qədər isə şirkət daxili yanma mühərrikli avtomobillərdən tamamilə imtina edəcək.

Jaguar nümayəndəsi Autocar-a açıqlamasında Böyük Britaniyada satışların faktiki olaraq 1 noyabrdan dayandırıldığını təsdiqləyib. Artıq britaniyalılara yalnız işlənmiş Jaguar modelləri təklif olunur və bu avtomobillərin satışı üçün xüsusi bir proqram mövcuddur. Yeni avtomobillərin təxminən bir il sonra, yalnız elektrikli modellər olaraq satışa çıxacağı gözlənilir.

Hazırda Jaguar-ın modelləri arasında yalnız bir elektrikli avtomobil var — i-Pace krossoveri, 2018-ci ildən istehsal olunur. Reimagine strategiyası çərçivəsində təqdim ediləcək ilk yenilik 2025-ci ildə Porsche Taycan-a rəqib olacaq idman avtomobili olacaq, 2026-cı ildə isə Bentley Bentayga-ya bənzər bir lüks krossover istehsalı planlaşdırılır.

Xatırladaq ki, ötən yay Jaguar Land Rover konserni tarixdəki ən güclü Land Rover Defender modelini təqdim edib. Bu model Octa adlandırılıb və maksimum 626 at gücü hasil edən hibrid güc qurğusu ilə təchiz edilib.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi!

Bir cavab yazın