29 yanvar 1886-cı il tarixində Karl Benz “Motorvagen” adlı ixtirasına patent aldı. Məhz bu ixtira müasir dünyanı dəyişdi və bu gün bildiyimiz fərdi avtomobil anlayışının əsasını qoydu. Bu əlamətdar hadisənin 140 illiyi münasibətilə Porsche şirkəti rəqabəti bir kənara qoyaraq Mercedes-Benz-ə həsr olunmuş xüsusi paylaşım edib.
Porsche paylaşımında belə yazıb:
“Əziz Mercedes-Benz, bizi təkcə ehtiras birləşdirmir. Bizi şirkətlərimizin qurucularının uzaqgörənliyi birləşdirir, bizi doğma şəhərimiz birləşdirir. Bizi avtomobil idmanına olan sevgi birləşdirir, bizi ən nüfuzlu yarışlarda qazanılan qələbə hissi birləşdirir. Bizi uğursuzluqlar da birləşdirir, eyni dostları bölüşürük.
Hətta əfsanəvi E 500 modelini də paylaşırıq (Porsche ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və istehsal olunub). Amma ən önəmlisi — biz eyni inancı paylaşırıq: avtomobillər təkcə bədənlərimizi deyil, ruhlarımızı da hərəkətə gətirmək üçün mövcuddur.”

Bu tarixi hadisəni qeyd etmək fürsətindən digər avtomobil istehsalçıları da yararlanıb və Mercedes-Benz-ə olan hörmətlərini ifadə ediblər. Təbrik mesajları ilə çıxış edən markalar arasında Audi, Cadillac, Volvo, Xiaomi, Nio, Xpeng, Geely və Li Auto yer alıb.
Mercedes-in uzunillik rəqiblərindən biri olan BMW də bu siyahıdan kənarda qalmayıb. Şirkət özünəməxsus üslubda, bir qədər ironik paylaşım edib:
“Xoşbəxtlikdən Karl Benz avtomobili icad etdi ki, biz də sürmə zövqünü icad edə bilək.”
BMW bu paylaşımı gülümsəyən Karl Benzin fotosu və Neue Klasse seriyasına aid elektrik krossoveri iX3-ün görüntüsü ilə müşayiət edib.

