Nissan, ABŞ-da istehsalını təxminən 30 faiz azaltmağı planlaşdırır.


Nikkei Asia-nın məlumatına görə, Yaponiya avtomobil nəhəngi Şimali Amerika bazarı üçün əsas modellərin istehsalını azaltmaq qərarına gəlib. Bu addımın səbəbi isə azalan tələbat fonunda anbarlarda yığılan böyük avtomobil ehtiyatları və Nissan üçün mühüm əhəmiyyət kəsb edən bu bazarda əməliyyat mənfəətinin sürətlə düşməsidir. Ekspertlər xəbərdarlıq edirlər ki, istehsalın kəskin azalması, 2024-cü il üçün nəzərdə tutulmuş satış hədəfinin reallaşmasına mane ola bilər.

Nissan-ın ABŞ-da ən çox satılan modelləri arasında Rogue (X-Trail) krossoveri və Frontier pikapı var. Sentyabr və oktyabr aylarında Nissan dilerlərə hər iki modelin istehsalını 40 min vahid azaltmaq barədə məlumat verib. Bu addım, artan avtomobil ehtiyatlarını azaltmaq məqsədilə atılıb.

İndi məlum olub ki, istehsalın azaldılması dekabra qədər davam edəcək. Nissan-ın pessimist proqnozuna görə, şirkətin üçüncü rüb üzrə əməliyyat mənfəəti demək olar ki, 100 faiz azalaraq 995 milyon yena düşəcək. Bütün il ərzində isə bu göstəricinin 12 faiz azalaraq 500 milyard yen olacağı gözlənilir. Nəticədə, şirkət illik satış planını yerinə yetirə bilməyəcək; plana əsasən, Nissan 3,65 milyon avtomobil satmalı idi.

Nissan-ın işləri artıq bir müddətdir ki, yaxşı getmir. Hələ may ayında avtomobil istehsalçısı, anbarlarda avtomobillərin yığılmasının qarşısını almaq üçün Amerika dilerlərinə zərər bahasına satış etməyi tövsiyə etmişdi. Həmin vaxt anbarlarda üç aydan çox müddətə kifayət edəcək qədər avtomobil olduğu bildirilirdi. Lakin bu addımlar, salonların gəlirlərinin azalmasına səbəb olsa da, görünür, kifayət qədər effekt verməyib.

Krizis yalnız Nissan-ı deyil, digər yapon avtomobil istehsalçılarını da əhatə edir. İlk maliyyə yarısında səkkiz iri yapon şirkəti ümumilikdə 11,87 milyon avtomobil istehsal edib ki, bu da əvvəlki ilə nisbətən 6 faiz azalma deməkdir. Bu, son dörd ildə ilk dəfə müşahidə olunan bir geriləmədir.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi!

Bir cavab yazın