Volkswagen böyük məbləğdə cərimələnib, səbəb isə kredit borcları olan müştərilərə qarşı kobud münasibətdir. Böyük Britaniyanın Maliyyə Nəzarəti və Tənzimlənməsi İdarəsi (FCA) Volkswagen AG-nin Britaniya maliyyə bölməsini, maliyyə çətinliyi çəkən borclulara qarşı qeyri-etik davranışlarına görə 5,4 milyon funt sterlinq məbləğində cərimə edib. Şirkət, müştərilərin çətin maliyyə və mənəvi vəziyyətini nəzərə almamaqda və onların borclarla bağlı məsələləri həll etmə imkanlarını məhdudlaşdırmaqda ittiham olunub.
FCA-nın apardığı araşdırma nəticəsində məlum olub ki, avtomobil almaq üçün kredit ödəmələrini gecikdirən borclulara borclarını qaytarmaq üçün kifayət qədər imkan yaradılmayıb. Volkswagen AG-nin əməkdaşları bu müştərilərlə kobud və aqressiv şəkildə davranıb, zənglər zamanı empatiya və peşəkarlıq nümayiş etdirməyiblər, hətta müştərilərin səhvlərinə gülməklə hörmətsizlik ediblər. Bundan əlavə, şirkət avtomobillərin müsadirəsi üçün 252 funt sterlinq məbləğində əlavə ödəniş tələb edib.
Araşdırmada həmçinin bəzi hallarda Volkswagen AG əməkdaşlarının müştərilərin şikayətlərini qeydə almadıqları da müəyyən edilib, bu isə müştərilərin hüquqları və dəstək imkanları barədə məlumatsız qalmasına səbəb olub. Tənzimləyici qurumun məlumatına görə, bu hallardan zərər çəkmiş müştərilərin əksəriyyəti artıq 17,8 milyon funt sterlinq məbləğində kompensasiya alıblar. FCA-nın Uyğunluq və Bazar Nəzarəti üzrə birgə icraçı direktoru Tereza Çembers vurğulayıb ki, şirkət müştərilərin mürəkkəb maliyyə və mənəvi vəziyyətini nəzərə almayıb.
Bundan əlavə, Volkswagen Group-un Çində işçilərini ixtisar etməyə başladığı məlum olub. Bu, əvvəllər şirkətə böyük gəlir gətirən bir bazar idi. Automotive News Europe-un məlumatına görə, söhbət Almaniyaya geri qayıdacaq bir neçə yüz işçidən, o cümlədən almanlardan gedir. Audi də Çindəki işçilərini ixtisar edir. Bu qərar Volkswagen Group-un xərcləri azaltmaq strategiyasının bir hissəsidir.