Ceremi Klarkson ürəyindən əməliyyat olunub

Cərrahiyyə müdaxiləsi keçirmiş məşhur televiziya aparıcısı Ceremi Klarkson sağlam həyat tərzinə alışır.

“Top Gear” verilişinin keçmiş aparıcısı olan Klarkson ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilib. Bu barədə o, “The Sunday Times” nəşrindəki ənənəvi köşə yazısında məlumat verib. 64 yaşlı şoumenin sözlərinə görə, bir neçə gün əvvəl kardiocərrahlar onun ürək-damar sisteminin fəaliyyətini bərpa etmək üçün təcili cərrahiyyə əməliyyatı həyata keçiriblər. Hazırda Klarkson artıq evindədir və sağalmaqdadır.

Televiziya aparıcısı Ceremi Klarkson Hind Okeanı sahillərində istirahət edərkən ilk narahatedici simptomları hiss edib. Onun sözlərinə görə, sinəsində sıxılma hiss edib və ətraflarının funksiyasını qismən itirib. Şoumen üçün hərəkət etmək çətinləşib.

Top Gear və The Grand Tour şoularının ulduzu Ceremi Klarkson qayıtdıqdan dərhal sonra xəstəxanaya müraciət edib. Əvvəlcə həkimlər onun ürək tutması keçirdiyinə dair əlamətlər aşkar etməyiblər. Lakin daha ətraflı müayinə zamanı mütəxəssislər Klarksonun bəzi koronar arteriyalarının demək olar ki, tamamilə bağlandığını görüblər.

Təxminən iki saat davam edən əməliyyat zamanı Klarksonun daralmış damarlarına stentlər yerləşdirilib. Artıq ertəsi gün televiziya aparıcısı evə göndərilib və ona sağlam həyat tərzi sürmək tövsiyə olunub.

Sentyabr ayının əvvəlində məlum olub ki, The Grand Tour şousu üç aparıcının getməsindən sonra da efirə davam edəcək. Ceremi Klarkson, Riçard Hammond və Ceyms Meyin yerini digər şoumenlər tutacaq.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi!

Bir cavab yazın