Sürücülük vəsiqəsinin dəyişdirilmə qaydası və dövlət rüsumu haqqında məlumatlar.
Dövlət rüsumunun məbləği: 30 manat
Müddət: Dərhal
Lazimi sənədlər:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
Sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla), habelə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi;
Qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd (sürücülük vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi halı istisna olmaqla);
60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün tibbi arayış.
Hansı hallarda dəyişdirilir:
Etibarlıq müddətinin qurtarması;
Sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
Yazılarında dəqiqsizlik müəyyən edilməsi;
Yararsız hala düşməsi;
İtirilməsi;
Yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması;
Yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması.
Əlavə Qeyd:
Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız həyata keçirilir.
Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir:
1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il;
2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;
3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;
4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
“D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
“DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 26 yaşdan (65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
Şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə olduqda sürücülük vəsiqəsinin dəyişdirilməsi həyata keçirilmir.
Bu xidmət 1 saylı Gəncə və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzləri istisna olmaqla bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.